“Səsin sehri”

 

Həsənağa Turabov -75

  

      İyunun 14-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Xalq artisti, Dövlət mükafatı laureatı, professor Həsənağa Turabovun 75 illik yubileyinə həsr olunmuş “Səsin sehri” adlı audiodiskin təqdimat mərasimi keçirildi.

     Azərbaycan peşəkar milli teatrının 140 illik yubiley tədbirləri silsiləsindən təşkil edilən mərasimi ittifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov açaraq görkəmli sənətkarın 75 yaşının qeyd olunduğu vaxtda onun ecazkar səsinin lent yazılarından ibarət diskin hazırlanmasını əlamətdar hadisə və sənətsevərlər üçün gözəl hədiyyə kimi dəyərləndirdi.

   Qeyd olundu ki, Teatr Xadimləri İttifaqı tərəfindən ərsəyə gətirilən audiodiskdə vaxtilə Azərbaycan Dövlət Radiosunda Həsənağa Turabovun ifasında lentə alınmış qəzəllər, şeirlər, müxtəlif tamaşalardan monoloqlar yer alıb. Həsənağa Turabovun Azərbaycan teatrı üçün böyük işlər gördüyünü deyən A.Nemətov onu həm də Teatr Xadimləri İttifaqının ən yaxşı sədrlərindən biri kimi xatırladı.

   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Həsənağa Turabovla bağlı xatirələrini danışdı, böyük sənətkarı unikal insan kimi yad etdi: “Həsənağanı başqa insanlardan fərqləndirən ən böyük cəhət o idi ki, qarşısındakı tərəf-müqabilinə, onunla çalışan həmkarlarına inanırdı. Həsənağa Turabov çox səxavətli, son dərəcə sadə bir insan idi”.

   Nazir müavini Həsənağa Turabovun, sənətdə olduğu kimi, həyatda da nadir şəxsiyyətlərdən biri olduğunu və üzərinə düşən missiyanı ömrünün son anınacan ləyaqətlə başa çatdırdığını bildirdi.

   Xalq artistləri Əminə Yusifqızı, Ramiz Novruzov, Həsənağa Turabovun ən sevimli tələbələrindən biri olan Əməkdar incəsənət xadimi Əsgər Əsgərov sənətkar haqqında səmimi və unudulmaz xatirələrini bölüşdülər.

   Tanınmış teatrşünas, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə çıxışında Həsənağa Turabovun yaradıcılığına fərqli baxışı ilə nəzər saldı, onun Azərbaycan teatr mədəniyyəti tarixində dövrün siması olmuş, ictimai-siyasi mühitin müəyyən cizgilərini özündə əks etdirən barmaqla sayılacaq aktyorlardan biri olduğunu bildirdi: “Həsənağa Turabov Azərbaycan teatrının səhnəsinə yeni aktyor manerası gətirdi, yeni səs gətirdi. Eyni zamanda, o elə aktyorlardan idi ki, onun kimi heç kəs yeriyə bilmirdi, onun kimi heç kəs davrana bilmirdi. Ona görə də səhnədə çox qürurlu görünürdü. O dərəcədə qürurlu görünürdü ki, onun qarşısında bir çox insanlar lərzəyə düşürdülər, bir çox insanlar qorxurdular və rejissor Tofiq Kazımova da elə bir tipaj lazım idi”.

   Tədbirdə Həsənağa Turabov qiraət ustası kimi də yad edildi. Qeyd olundu ki, yaradıcılığa Azərbaycan Televiziyasında diktor kimi başlayan Həsənağa Turabov sonralar teatr və kino aktyoru kimi şöhrət tapsa da, bədii qiraətə çox bağlı olmuş və zaman-zaman klassik ədəbiyyatımızın ən gözəl incilərini lentə yazdırmışdır. Teatr ictimaiyyətinə, sənətsevərlərə təqdim olunan “Səsin sehri” audiodiskinə onun ifasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər söz ustadlarının qəzəlləri ilə yanaşı, C.Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İsgəndərin, V.Şekspirin “Hamlet” faciəsindən Hamletin və H.Cavidin “Xəyyam” pyesindən Xəyyamın monoloqları daxil edilib.

   Təqdimat mərasimində Həsənağa Turabovun ailə üzvlərindən oğlu Yalçın, qızı Sevinc xanım və nəvəsi iştirak edirdilər.

  

   Təranə Vahid

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 6.